TURNİR BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakıda keçirilən qadınlar arasında “Baku Cup-2007” Beynəlxalq tennis turniri sentyabrın 8-də 17 yaşlı Gürcüstan idmançısı Tinatin Kavlaşvilinin qələbəsi ilə başa çatmışdır. O, final görüşündə yaşıdı ukraynalı Lesya Surenkoya 6:3, 3:6, 6:4 hesabı ilə qalib gəlmişdir. L.Surenko qoşa yarışların final görüşündə Rusiya duetinə məğlub olmuşdu.
“Gənclik” metrostansiyası yaxınlığındakı idman-tennis kompleksinin kortlarında bir həftə ərzində beş ölkədən 60-dan çox idmançı fəxri mükafat uğrunda mübarizə aparmışdır. Təəssüf ki, 4 Azərbaycan tennisçisi təsnifat oyunlarından keçə bilməmişdir. Turnirdə iştirak edən yeganə həmyerlimiz Sevil Əliyeva isə dörddəbir finala çıxmaq uğrunda yarışlarda mübarizəni dayandırmalı olmuşdur.
Turnirin qalibi T.Kavlaşvili demişdir: “Həmişə sevdiyim Bakı indi mənim üçün xüsusi şəhərdir. Axı, bu turnir mənim böyük tennisdə debütümdür, qələbə isə tanınmış Gürcüstan tennisçisi Leyla Mesxi klubunun kortlarında gərgin məşqlərin nəticəsidir”.
İştirakçıların əksəriyyətinin fikrincə, Bakı turniri ənənəvi olmalıdır. Bu turnirdə gənc idmançılar ustalıqlarını artırmaqla yanaşı, beynəlxalq reytinq üçün qiymətli xallar toplayırlar. Onların bir çoxu artıq Tbilisiyə bilet sifariş vermişlər. Gürcüstan paytaxtında, sonra isə ölkənin digər iki şəhərində 3 analoji turnir keçiriləcəkdir.
Artıq ikinci dəfədir ki, Beynəlxalq Tennis Assosiasiyası tanınmış Rusiya mütəxəssisi Valeri Lutkovu Bakı yarışlarına baş hakim təyin edir. O demişdir: “Bu dəfə turnir çox yüksək səviyyədə keçmişdir. Buna görə ilk növbədə təşkilatçılara təşəkkür etmək lazımdır. Bir il göz qırpımında ötüb keçəcək və əminəm ki, hamımız “Baku Cup-2008” turnirində görüşəcəyik”.