Tütün istehsalında mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib
Bakı, 10 dekabr, AZƏRTAC
Ölkədə tütün istehsalında mövcud vəziyyət, gələn il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Biznes Mərkəzində “Azərbaycanda tütünçülüyün mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən iclasda Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, tütün emalı və istehsalı müəssisələrinin təmsilçiləri, tütünçülüklə məşğul olan fermerlər iştirak ediblər.
İclası açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan olunub. Nazir qeyd edib ki, aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir.
Azərbaycanda tütünçülüyün zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğu vurğulanıb, bu sahənin inkişaf etdirilməsinin zəruri olduğu qeyd edilib.
İclasda Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunulub. Fermerlər, ilkin emal müəssisələri və istehsalçı şirkət arasında dəyər zəncirinin düzgün qurulmasının vacib olduğu diqqətə çatdırılıb. Ölkədə tütün istehsalında mövcud vəziyyət, gələn il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, hədəflər və perspektivlər barədə müzakirələr aparılıb. Tütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi edilib, fermerlərin təklifləri qeydiyyata alınıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.