REGİONLAR
UCARDA KƏND TƏSƏRRÜFATI TEXNİKASININ SATIŞ-SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, “Azaqroloqistiks” məhdud məsuliyyətli müəssisə və Türkiyənin “Tarmakbir” təşkilatıdır. Açılış mərasimində ərazi kənd təsərrüfatı idarələrinin rəisləri, respublikanın aqrar bölməyə xidmət edən təşkilatlarının rəhbərləri, kredit banklarının nümayəndələri, Türkiyə, Rusiya Federasiyası və Almaniyadan gəlmiş qonaqlar iştirak etmişlər.
Kənd təsərrüfatı nazirinin vəzifəsini icra edən İrşad Əliyev ölkəmizdə uğurla həyata keçirilən aqrar islahatların mahiyyətindən, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün dövlətin torpaq sahiblərinə yaratdığı şəraitdən, kənddə sahibkarlar nəslinin formalaşmağa başlamasından, ekoloji cəhətdən təmiz məhsul istehsalının vacibliyindən, Avropa ölkələrində Azərbaycan məhsullarına tələbatın artmasından, regionların sosial-iqtisadi inkişafı Proqramının aqrar sahənin inkişafında əhəmiyyətindən danışmışdır.
Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz ölkəsinin respublikamızın fermerinə həmişə kömək etməyə hazır olduğunu vurğulamışdır.
Sonra qonaqlar və fermerlər “Azaqroloqistiks” MMS-in sərgi-satışa çıxardığı 60-a yaxın texnika ilə tanış olmuşlar. Qurumun direktoru Kamal İsmayılov hər bir texnika, onun imkanları, manevr qabiliyyəti barədə məlumat vermişdir. Xatırladaq ki, sərgidə əsasən Türkiyədə istehsal olunmuş traktor və qoşquları, taxılyığan kombayn, otbiçən və yemyığan maşınlar, kotan, mala, kultivator, toxumsəpən, taxılyükləyən və təmizləyən, gübrəsəpən, kartofbasdıran və çıxaran aqreqatlar, taxıl, pambıq, üzüm, meyvə, tərəvəz və digər bitkilərin mühafizəsində istifadə olunan çiləyici aparatlar, südsağan, peyintəmizləyən avadanlıq, suvarma qurğuları və sair nümayiş etdirilir. Onların sırasında Rusiya Federasiyasının “Rostselmaş” şirkətinin istehsal etdiyi yeni modelli “Niva-Effekt” taxılyığan və “Don-680” yemyığan kombaynları da vardır.
“Rostselmaş” Ticarət Evi baş direktorunun müavini Yevgeni Volkov AZƏRTAC-ın müxbirinə demişdir: “Tamaşaçılar zavodumuzun təkmilləşdirilmiş kombaynlarımız ilə tanış olmaq imkanı qazanıblar. Bizim kombaynlar Azərbaycanın texnika parkının əsas hissəsini təşkil edir. Bu maşınlar sizin respublika şəraitində çoxdan sınaqdan çıxmış və əkinçilərin rəğbətini qazanmışdır. “Niva” kombaynı Şərqi Avropa bazarında da populyardır. Sərgiyə gətirdiyimiz “Niva-Effekt” çox asan idarə olunur, torpağı zədələmir, hidravlika ilə bağlı problemdən əsər-əlamət qalmayıb, qayışların etibarlılığı tam təmin edilib. Həmin qayışlar Almaniyanın “Optibelt” firmasında istehsal olunur. Kombaynın hidrosistemləri Samaranın aviasiya müəssisələrindən alınmış hissələrlə dəstləşdirilmişdir. “Don-680” də fermerlərin ürəyinə yatacaqdır”.
Sərgidə texnika ilə yanaşı, fermerlərə Türkiyə, Rusiya, Yaponiya, Almaniya və İngiltərə istehsalı olan 70 adda gübrə və dərman preparatları təklif olunur. “Bakı Aqrokimya” məhdud məsuliyyətli cəmiyyətin prezidenti Məmməd Məmmədovun sözlərinə görə, sərginin açılmasından keçən bir neçə saat ərzində fermerlərlə xeyli müqavilə bağlanmışdır.
Sərgi mayın 21-dək davam edəcəkdir.