ÜÇÜNCÜ ÇAĞIRIŞ NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN İKİNCİ SESSİYASI KEÇİRİLMİŞDİR
Sessiyada “2005-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavininin seçilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası haqqında”, “Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu barədə”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərmanlarının təsdiq edilməsi haqqında” məsələlər müzakirə olunmuşdur.
Sessiyanın iş planı və reqlamenti təsdiq edilmişdir.
Birinci məsələ ilə əlaqədar Ali Məclisin sədri Vasif Talıbov məruzə etmişdir.
Sonra deputat Mirhəşim Seyidov Ali Məclis sədrinin müavini seçilmiş, maliyyə naziri Xalid İsgəndərovun Muxtar Respublikanın 2005-ci il dövlət büdcəsinin icrası ilə bağlı məruzəsi dinlənilmişdir.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Qanun qəbul edilmiş, Ali Məclis sədrinin fərmanları təsdiq olunmuş, gündəlikdəki məsələlər ilə əlaqədar müvafiq qərarlar çıxarılmışdır.
Bununla da üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası öz işini başa çatdırmışdır.