UEFA Avropa Liqası: “Qarabağ”–“Vorskla” oyunu başlayıb
Bakı, 25 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Ağdamın “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda Ukraynanın “Vorskla” komandası ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner da Silva, Qara Qarayev, Maksim Medvedev, Simoen Slavçev, İnnosent Emeqara, Miçel Madeyra, Araz Abdullayev, Rəşad Sadıqov, Abdulah Zubir, Yakub Jezniçak və Donald Gerye yer alıblar.
“Vorskla” klubunun ilk onbirliyində isə meydana Boqdan Şust, İqor Perduta, Nadjip Yakubu, Aleksandr Sklya, Vladislav Kulaç, Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoyets, Ardin Dallku, Pavlo Rebenyo çıxıblar.
Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Roi Raynşrayberdir.
“E” qrupunun digər oyununda Portuqaliyada oynanılır. “Sportinq” klubu İngiltərənin “Arsenal” komandasını qəbul edir.
Qeyd edək ki, bu, ukraynalıların Azərbaycan komandaları ilə ilk dueli olacaq. “Qarabağ” isə 2014-2015-ci il mövsümündə Avropa Liqasında “Dnepr” ilə eyni qrupda yer alıb. Həmin il UEFA Avropa Liqasının finalçısını səfərdə bir cavabsız qolla üstələyən ağdamlılar evdə 1:2 hesabı ilə məğlub olublar.
Vasili Saçkonun baş məşqçisi olduğu komanda Bakıya itkilərlə gəlib. Heyətdə zədələrini sağaltmaqla məşğul olan Geqam Kadimyan, Aleksandr Kobaxidze və Denis Vasin yer almayıblar. Həmçinin İbrahim Kane və Dmitri Kravçenko Bakıya gətirilməyib. Əvəzində, Taras Sakiv daha əvvəl açıqlanan heyətə əlavə olunub.
“Qarabağ”da isə zədəli oyunçu yoxdur. Bərpa prosesini tamamlayan Dani Kintana da komandaya qoşulub.
Foto: Tofiq Babayev