UEFA Avropa Liqasının final qarşılaşmasına ev sahibliyi edən Bakı əcnəbi azarkeşlərin gözü ilə
Final oyununu izləmək üçün Bakıya gələn futbol həvəskarları şəhərimiz və turistlər üçün yaradılan şəraitlə bağlı təəssüratlarını AZƏRTAC-ın müxbirləri ilə bölüşürlər
Bakı, 29 may, AZƏRTAC
Bu günlər Azərbaycanda, xüsusən paytaxt Bakıda əsl futbol bayramı yaşanır. Bir neçə saatdan sonra Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalı start götürəcək. Oyunu izləmək üçün Azərbaycana dünyanın hər yerindən “Arsenal” və “Çelsi” komandalarının minlərlə azarkeşi gəlib. Onlar AZƏRTAC-ın əməkdaşlarına müsahibələrində Azərbaycan paytaxtının gözəlliyi, təhlükəsizliyi, xalqımızın qonaqpərvərliyi, milli mətbəximizin zənginliyi, qitənin ən böyük ikinci klub turnirinin finalına yüksək səviyyədə hazırlıqla bağlı təəssüratlarını bölüşürlər. Əksəriyyət bu fikirdədir ki, Azərbaycan bütün dünyada maraqla gözlənilən qarşılaşmaya uğurla ev sahibliyi edir.
“Dünyanın ən təhlükəsiz şəhərlərindən biri olan Bakı futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi qarşılaşmaya uğurla ev sahibliyi edir”
İsrailli Aziz Raz: Azərbaycanın qonaqpərvər insanları haqqında çox eşitmişəm. Final matçından əvvəl müəyyən dairələrin yaymağa çalışdıqları şayiələrin heç bir əsası yoxdur. Azərbaycanın həmişə mühüm beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsinin şahidi olmuşuq. Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Burada özümü çox rahat hiss edirəm. Bakıya bir daha gəlmək haqqında düşünürəm.
“Arsenal” klubunun azarkeşi Nik Adams: Bakıda əsl idman bayramı əhval-ruhiyyəsi hökm sürür. Mayın 29-da keçiriləcək möhtəşəm oyunun bir parçası olmaq bizim üçün çox qürurvericidir. Əminəm ki, Azərbaycan bütün dünyanın səbirsizliklə gözlədiyi tədbirə uğurla ev sahibliyi edəcək.
ABŞ-dan olan futbol həvəskarı Patris Bartel: Azərbaycan paytaxtında bənzərsiz qonaqpərvərlik gördüm. İnanıram ki, gözəl ölkənizə səfər edən hər bir azarkeş unudulmaz anlar yaşayacaq.
İraqlı Abdulla Sami: Bakı bu möhtəşəm final oyununa ciddi hazırlaşıb. Bunu azarkeşlər üçün yaradılan şəraitdən də görmək mümkündür. Burada turistlər üçün maraqlı əyləncə proqramı hazırlanıb, bütün təhlükəsizlik tədbirləri görülüb.
“Bu gözəl ölkəyə səfər edən hər bir azarkeş xoş və unudulmaz anlar yaşayacaq”
İngilis Peter Çambers: Bakı UEFA Avropa Liqasının final oyununu keçirmək üçün yaxşı məkandır. Sakit və təhlükəsiz şəhər olan Bakı bu maraqlı qarşılaşmaya uğurla ev sahibliyi edəcək. Ölkənizdəki insanlar qonaqpərvərdirlər. Ailəmlə birgə şəhəri gəzəndə şəxsən şahidi olduq ki, burada qonaqlara səmimi münasibət var. Əminəm ki, bu gözəl ölkəyə səfər edən hər bir azarkeş xoş anlar yaşayacaq.
Xorvatiyalı Mate Vukoja : Azərbaycanın çox zəngin milli mətbəxi var. Mümkün qədər bütün xörəklərdən dadmaq istəyirəm. Azərbaycan xalqı öz mətbəxi ilə fəxr edə bilər.
Filip Sostaric (Serbiya): Unikal memarlıq üslubuna malik Bakını çox bəyəndim. Bir tərəfdə hündür, müasir binalar, digər tərəfdə isə qədim və köhnə şəhər... Bütün bunlar çox gözəl harmoniya yaradır. İlk dəfədir ki, Azərbaycandayam və təəssüratlarım çox zəngdir.
Eymr Cek (İndoneziya): Azərbaycana ilk dəfədir səfər edirəm. Şəhərinizi çox sevdim. Bakı gözəl və romantik şəhərdir. Onun memarlıq üslubu və Dənizkənarı Bulvarı möhtəşəmdir. Ailəmlə birgə İçərişəhərdə olduq, Qız qalasına qalxdıq, Xəzər dənizinin gözəl mənzərəsini seyr etdik. Tarixi abidələrlə zəngin İçərişəhəri xüsusi qeyd etmək istərdim.
“Arsenal” klubunun azarkeşi Luis Tarrant: Bakı çox gözəl şəhər, sakinlər isə mehriban insanlar kimi daim xatirimdə qalacaq. Bu şəhərin gözəlliyi məni valeh etdi. Dənizkənarı Bulvar çox möhtəşəmdir. Buradan “Alov qülləri” çox möhtəşəm və valehedici görünür.
“Bakı dünyanın ən böyük və gözəl şəhərləri ilə eyni səviyyədə dayanır”
Pakistanlı Ali Rezvan: Bakının gözəl yerlərini görmək üçün daha çox gəzməyə çalışıram. Onun qədim və gözəl tarixi şəhər olduğu ilk baxışdan hiss olunur. Çünki hər küçədə bir neçə tarixi binaya rast gəlmək olur. İnsanların qonaqpərvərliyinə və mehribanlığına isə söz ola bilməz.
Xorvatiyalı Mate Vukoja: Bakı çox rəngarəng, zəngin mədəniyyəti olan gözəl şəhərdir. Burada diqqətimi cəlb edən ən əsas cəhət şəhərin son dərəcədə özünəməxsus memarlıq üslubunda inşa edilən binalarla zəngin olmasıdır. Bakıda elə küçələr var ki, orada özümü Los-Ancelesdə, başqa bir küçədə isə sanki Moskvada hiss edirəm. Bu da Bakının dünyanın ən böyük və gözəl şəhərləri ilə eyni səviyyədə olduğunu göstərir. Ümumilikdə Bakı memarlıq üslubuna görə mənə daha çox Parisi xatırladır.
İngiltərəli Neil Ray: “Arsenal”-“Çelsi” qarşılaşmasını səbirsizliklə gözləyirik. Oyundan sonra isə bir həftə Bakıda qalacağıq. Artıq İçərişəhərdə olmuşuq. Bu bənzərsiz məkanla tanışlıq insanda unudulmaz hisslər oyadır. Paytaxtınızın görməli yerləri ilə ətraflı tanış olmaq imkanını əldən verməyəcəyik.
Toni Holl (Nigeriya): Oyuna hazırlıq yüksək səviyyədədir. Bakıda azarkeşlərin təhlükəsizliyi tam təmin olunub. Polis əməkdaşları, sadə insanlar bizə qarşı çox diqqətli və mehribandırlar. Onlar əcnəbilərə kömək edir, istiqamət verirlər. Mümkün olduğu qədər Bakını gəzməyə, şəhərlə daha yaxından tanış olmağa çalışırıq. Bakıda olmağıma çox şadam.
X X X
Xatırladaq ki, UEFA Avropa Liqasının final matçında “Arsenal” klubu “Çelsi” komandası ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq. “Arsenal” qalib gələcəyi təqdirdə UEFA Avropa Liqasının kubokuna ilk dəfə sahib olacaq. “Çelsi” isə 2012-2013-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi olub.