UEFA Çempionlar Liqası: “Araz-Naxçıvan”ın potensial rəqibləri müəyyənləşib
Bakı, 26 avqust, AZƏRTAC
Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, ötən gecə baş tutan oyunlardan sonra əsas mərhələyə adlayan bütün iştirakçılar müəyyənləşib.
Qeyd edək ki, növbəti raunda 8 qrup qalibi ilə yanaşı, ən yaxşı qrup ikincisi olan “Araz-Naxçıvan”, ümumilikdə 9 komanda adlayıb.
Növbəti mərhələdə “Luxol” (Malta, A qrupunun qalibi), “Dinamo Plus” (Moldova, B qrupunun qalibi), “Haladas” (Macarıstan, C qrupunun qalibi), “Hammarbi” (İsveç, D qrupunun qalibi), FON (Serbiya, E qrupunun qalibi), “Kampuksen Dynamo” (Finlandiya, F qrupunun qalibi); “Araz-Naxçıvan” (F qrupunun ikincisi), “Diamant Linz” (Avstriya, G qrupunun qalibi), “Liqeni” (Kosova, H qrupunun qalibi) mübarizə aparacaqlar.
Əsas mərhələdə 9 komandaya daha reytinqli 23 iştirakçı da qoşulacaq. Qeyd edək ki, 4 ölkə - İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan yarışda iki klubla təmsil olunur: “Sportinq” (Portuqaliya, son çempion), “Barselona” (İspaniya), “Kayrat” (Qazaxıstan), “Benfika” (Portuqaliya), “Levante” (İspaniya), “Tümen” (Rusiya), “Doboveç” (Sloveniya), “Sinara” (Rusiya), “Atrau” (Qazaxıstan), “Jalgiris” (Litva), “Pesaro” (İtaliya), “Rekord” (Polşa), “Olmissum” (Xorvatiya), “Mostar” (Bosniya və Hersoqovina), “Asnieres” (Fransa), “Plzen” (Çexiya), “United Qalati” (Rumıniya), “Luçeneç” (Slovakiya), “Viten Orsha” (Belarus), “Hovokubo” (Niderland), “Leo” (Ermənistan), “Uraqan” (Ukrayna) və Halle-Qoik (Belçika).
Əsas mərhələnin püşkatma mərasimi avqustun 30-da keçiriləcək. Mərhələnin oyunları isə oktyabrın 26-31-də baş tutacaq.