UKRAYNA “KOLÇUQA”LARI İRANI MÜDAFİƏ EDƏCƏK
“Kolçuqa” radarların və digər sistemlərin şüası ilə uçan aparatları dəqiq eyniləşdirir və onların radiolokasiya stansiyalarının iş rejimini müəyyənləşdirir. Kompleks hədəfin yeri, səmti və sürəti haqqında dəqiq informasiya ötürür ki, bu da hava hücumundan müdafiə vasitələri üçün hədəfi radarlar tərəfindən aşkar olunmadan göstərməyə imkan verir. Bu silah informasiyanı real vaxt rejimində rəqəmli displeylərə ötürməklə, eyni vaxtda 200-dək hədəfi izləyə bilər.
İranın sifariş verdiyi “Kolçuqa” stansiyalarının dəqiq sayı barədə məlumat açıqlanmır. Kompleksin birinin qiyməti təxminən 25 milyon dollardır. Mütəxəssislərin fikrincə, komplekslər İranın nüvə proqramı ətrafında gərginliyin artması ilə əlaqədar bu ölkənin havadan müdafiəsi üçün nəzərdə tutulmuşdur.
Xatırladaq ki, bir neçə il əvvəl Səddam Hüseyn rejiminə “Kolçuqa” kompleksləri göndərməsi barədə Ukraynaya qarşı ittihamlar irəli sürülmüşdü. Lakin 2003-cü ildə başlanan müharibədən sonra bu ittihamlar geri götürüldü, çünki İraqda belə bir kompleks tapılmadı.