SİYASƏT
Ukraynada Könüllülər Günü qeyd edilir: Azərbaycanlıların bu yöndə xüsusi yeri var

Kiyev, 14 mart, AZƏRTAC
Martın 14-ü Ukraynada Könüllülər Günü qeyd olunur. Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra ölkədə könüllülər hərəkatı daha çox güclənməyə başlayıb və aktuallığını artırıb.
AZƏRTAC xəbər verir ki, bu müharibə dönəmində Azərbaycanda olan könüllülər də kifayət qədər yardım göndəriblər və Ukraynada yaşayan azərbaycanlı könüllülər ölkənin bütün bölgələrində, həmçinin qaynar nöqtələrdə fəaliyyət göstəriblər.
Ukraynada müharibə başlayandan sonra çox fərqli bir könüllülük intensivliyi başlayıb. Soydaşlarımız könüllülük əsasında Kiyev üçün ən çətin dövrdə paytaxtda ictimai təhlükəsizliyin təmin olunmasında iştirak etməyə başlayıblar. Kiyev Mərkəzi Dəmiryol Vağzalında, təxliyə qatarlarında könüllü olaraq əhalinin sosial cəhətdən həssas təbəqələrinin təxliyəsində iştirak ediblər. Donbas, Luqansk, Xerson, Kiyev, İrpen, Buça, Qostomel və digər bölgələrdən təxliyə olunan insanlara kömək ediblər, qanvermə aksiyalarında fəal iştirakçı olublar.
Bundan başqa soydaşlarımız könüllü olaraq qaynar nöqtələrə ərzaq, qida məhsulları, generatorlar, xüsusi geyimlər göndəriblər. İlkin araşdırmalara görə, müharibə dönəmində Azərbaycanda olan könüllülərimiz 200 tona yaxın ərzaq və qeyri-ərzaq məhsulları, xüsusi texnikalar göndəriblər.
Bu rəqəm Ukraynada yaşayan soydaşlarımızın könüllülük fəaliyyətindən bir neçə dəfə çoxdur. Ukraynada ümumilikdə minlərlə soydaşımız könüllü kimi fəaliyyətini davam etdirir, humanitar yardımlar göndərilir.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev