Ukraynada “Xocalı ayı” çərçivəsində Lvov şəhərində tədbir keçirilib
Kiyev, 26 fevral, AZƏRTAC
Ukrayna Azərbaycanlı Gənclər İttifaqının (UAGİ) elan etdiyi “Xocalı ayı” çərçivəsində Lvov şəhərində tədbir keçirilib.
Bu təşkilat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasında tərəfdaş kimi çıxış edir.
Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən tədbir Lvovun 45 nömrəli ingilis dilli təmayüllü orta ümumtəhsil məktəbində keçirilib.
Mərasimi UAGİ fəalı Gülrux Alışova açıb. Tədbir iştirakçıları erməni cəlladlarının qətlə yetirdikləri xocalıların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Lvov vilayəti üzrə UAGİ təmsilçisi Elbin Quliyev Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzü tarixindən danışıb, erməni işğalçılarının Xocalıda törətdikləri qanlı qırğını bəşəriyyətə qarşı dəhşətli cinayət adlandırıb.
Tədbirdə Heydər Əliyev Fondunun sifarişi ilə çəkilmiş “Xocalı” sənədli filmi nümayiş olunub.
Sonra məktəbin direktoru Nataliya Melnik Azərbaycan xalqını dəstəklədiyini bildirib və Xocalı faciəsi ilə əlaqədar dərin hüznlə başsağlığı verib. Qeyd edib ki, Ukrayna xalqı da bu gün öz tarixinin çətin dövrünü yaşayır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev