Ukraynada “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlər keçirilir
Bakı, 17 fevral (AZƏRTAC). Fevralın 17-də İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKTGF), Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) və Krım Azərbaycan Cəmiyyətinin birgə təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Simferopol şəhərində Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı aksiya və anma mərasimi keçirilmişdir.
“Ermənilər Xocalıda törətdikləri vəhşiliklərə görə tarix qarşısında cavab verməlidir!”. Bu şüarla Simferopolun mərkəzi küçə və meydanlarında etiraz aksiyasını keçirən UAGB-nin fəalları, türk və tatar gəncləri yerli əhaliyə Xocalıda törədilmiş erməni vəhşiliklərini əks etdirən şəkil və məlumatlardan ibarət bukletlər təqdim etmişlər.
UAGB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, aksiyadan sonra Krımın Mərkəzi Kitabxanasında muxtar respublikada yaşayan bir sıra xalqların diaspor nümayəndələrin, tələbələrin iştirakı ilə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasimdə Krım Azərbaycan Cəmiyyətinin sədri Rəhim Hümbətov, UAGB-nin Krım təşkilatının sədri Firudin Orucov və digər soydaşlarımız 19 il bundan əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışmışlar.
Anma mərasimində özlərini beynəlxalq arenada yazıq və məzlum xalq kimi qələmə verən hiyləgər erməni vandallarının Xocalıda törətdikləri soyqırımı özündə əks etdirən sənədli film də təqdim edilmişdir.
Tədbirin təşkilatçıları yerli televiziyaya və bir sıra KİV-lərə Xocalı faciəsi ilə bağlı məlumatlar və müsahibələr vermişlər. “Xocalıya ədalət” kampaniyası çərçivəsində İKTGF-nin və UAGB-nin Ukraynada təşkil etdikləri tədbirlər fevralın sonunadək davam edəcəkdir.
######
![]() |
![]() |

