Ukraynadakı beynəlxalq şirkətlər ətraf mühitin qorunması üçün birləşirlər
Kiyev, 11 iyun (AZƏRTAC). Ukrayna paytaxtında Ümumdünya Ətraf Mühitin Müdafiəsi Gününə həsr edilmiş interaktiv “vorkşop” keçirilmişdir. Xatırladaq ki, Workshop - ingiliscədən tərcümədə “emalatxana” deməkdir. O, qrup halında işin fəal inkişafetdirici üsuludur.
Tədbirin təşkilatçıları qismində SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan brend, onun fəaliyyətini Ukraynada təmsil edən “SOCAR Energy Ukraine” törəmə şirkəti və KPMQ-nin (“Deloitte”, “Ernst & Young” və “PwC” ilə birlikdə “böyük dördlüyə” daxil olan peşəkar auditor xidmətləri göstərən ən iri şirkətlərdən birinin) Ukraynadakı ofisi çıxış etmişdir.
Vorkşopda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, ARDNŞ-nin Kiyev ofisinin top-meneceri Həzi Aslanov, Ukraynadakı beynəlxalq təşkilatların missiyalarının, ümumukrayna PR-liqasının, “Ukrtelekom”un, “Hotel Ibis”-in, Kiyevdəki ali məktəblərin, Ukrayna və xarici KİV-lərin nümayəndələri iştirak edirdi.
Tədbirin moderatoru KPMQ-nin biznesin inkişafı şöbəsinin rəhbəri Alina Sevastyuk idi.
Azərbaycanın Ukraynadakı səfirliyinin birinci katibi Sabir Rzayev ölkəmizin rəhbərliyi tərəfindən ekologiya məsələlərinə böyük diqqət yetirilməsini qeyd etmiş, vurğulamışdır ki, ətraf mühitin müdafiəsi Azərbaycan Prezidenti İlham Əliyevin siyasətində prioritet istiqamətlərdən biridir. Diplomat ölkəmizin ətraf mühitin müdafiəsi mövzusuna həsr edilmiş bir sıra qlobal beynəlxalq forumlarda iştirak etməsini də bildirmişdir.
Sabir Rzayevin qaldırdığı məsələnin açıqlanması, habelə “yaşıl” layihələrin həyata keçirilməsində elmi yanaşmanın, konkret olaraq “yumşaq qüvvə” konsepsiyasının istifadə edilməsindən konkret nümunələr göstərmiş, SOCAR-ın Ukraynadakı əməkdaşı bu mövzunu davam və şərh etmişdir.
SOCAR şirkətinin Ukraynadakı mətbuat katibi Marina Erqemlidze qeyd etmişdir ki, ekoloji layihələr şirkətin sosial siyasətinin tərkib hissəsidir. Bu layihələr, bir tərəfdən cəmiyyətə fayda verən əməliyyatlara, digər tərəfdən Azərbaycanın dünya ictimaiyyətinin nəzərində cəlbediciliyini artıran əməliyyatlar üzərində cəmləşir. Praktikada bu özünü onda göstərir ki, SOCAR Ukraynada Azərbaycan mədəniyyəti elementlərini ehtiva edən üçüncü park yaradır, yanacaqdoldurma komplekslərinin ətrafındakı ərazilərin yaşıllaşdırılması proqramını inkişaf etdirir, təbii inqrediyentlər əsasında orijinal Azərbaycan məhsullarını yanacaqdoldurma kompleksləri ərazisində reallaşdırır.
ATƏT-in Ukraynadakı layihələrinin əlaqələndiricisi Yaroslav Yurtsava demişdir: “Ukraynada ekoloji təhsil layihələrinə tələbat durmadan artır. O, nümunə kimi “yaşıl paket” layihəsini təqdim etmişdir. Təhsil sisteminin tələbatına uyğunlaşdırılmış bu layihə kiçik və orta sinif şagirdlərinin ekoloji dünya görüşünü və məsuliyyətli davranışını inkişaf etdirmək məqsədi güdür,
Workşop çərçivəsində SOCAR-ın Ukraynadakı əməkdaşı Samir Əliyevin və KPMQ-nin Azərbaycandakı əməkdaşı Aqil Əzimovun “Azərbaycanı kəşf edin!” adlı fotolayihəsinin təqdimatı keçirilmişdir.
Tədbirin hazırlanmasının və keçirilməsinin bütün mərhələlərində rəqəmsal texnologiyalardan istifadə edilmiş, kağızdan və elektrik enerjisindən istifadə minimum həddə endirilmişdir.
Tədbirin sonunda Azərbaycan çay süfrəsi açılmış, qonaqlara ekoloji təmiz məhsullardan hazırlanmış ənənəvi şirniyyatlar - paxlava və şəkərbura təklif edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev