Ukraynalı gimnast: Bakıda idman gimnastikası üzrə dünya kuboku yüksək səviyyədə təşkil edilib
Bakı, 2 aprel, AZƏRTAC
Bakıda idman gimnastikası üzrə dünya kuboku yüksək səviyyədə təşkil edilib.
Bunu AZƏRTAC-a yarışların iştirakçısı, ukraynalı gimnast Nazar Çepurni deyib.
"Ukrayna komandasının yarışda əhvali-ruhiyyəsi yaxşıdır, məqsəd hər yarışda olduğu kimi, qələbədir və biz də öz növbəmizdə istədiyimizə nail olmaq üçün əlimizdən gələni edirik. Mən dayaqlı tullanmada finalına çıxdım, orada mübarizəmi davam etdirəcəyəm", - deyə idmançı bildirib.
Onun sözlərinə görə, idman gimnastikasında qüvvəyə minmiş yeni qaydalara uyğunlaşmaq bir az çətindir.
"Turnik proqramını və sərbəst hərəkətləri yeni qaydalara uyğunlaşdırmaq asan deyil. Mən hələ tam olaraq kombinasiyaları toplamamışam, amma düşünürəm ki, tezliklə hər şey düzələcək. Yeni qaydalar digər gimnastika alətlərinə o qədər də təsir etməyib", - deyə gimnast bildirib.
Qeyd edək ki, martın 31-dən aprelin 3-dək Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku keçirilir.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 34 ölkədən 145 idmançı qüvvəsini sınayır.
Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edir.
2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş dünya kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək dünya kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.