UKRAYNALI MÜTƏXƏSSİSLƏR AZƏRBAYCANDA UŞAQLARIN PROBLEMLƏRİ İLƏ MARAQLANIRLAR
Parlamentin sədri qonaqlara demişdir ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafında dövlət başçılarının xüsusi rolu olmuşdur. Prezidentlərin, eləcə də parlament sədrlərinin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər münasibətlərimizin strateji əməkdaşlıq səviyyəsinə qədər yüksəlməsinə səbəb olmuşdur. Ukraynada ana və uşaqların müdafiəsi ilə məşğul olan təşkilatın rəhbərinin Bakıya gəlməsi və Azərbaycana bu sahədə müxtəlif yardımlar etməsi bizi sevindirir. İnanırıq ki, “Ukrayna -uşaqlar üçün” milli fondu ilə Azərbaycanın Uşaq Təşkilatı arasında əlaqələrin inkişafı hər iki tərəf üçün uğurlu nəticələr verəcəkdir.
“Ukrayna - uşaqlar üçün” anaların və uşaqları milli müdafiə fondunun direktor əvəzi Vitali Moskalenko rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verdikdən sonra demişdir ki, təşkilat ana və uşaqların müdafiəsi ilə bağlı bir sıra layihələr hazırlamışdır və uğurla həyata keçirir. Layihələrin biri də Azərbaycanla əməkdaşlığa aiddir.
Nümayəndə heyətinin üzvü, Ukraynanın Cərrahiyyə və Transplantalogiya İnstitutunun direktor müavini Boris Todurov demişdir ki, son dövrlər uşaqlar arasında QİÇS və ürək-damar xəstəliklərinin yayılması ciddi problemlər yaradır. Azərbaycanda ürək qüsuru ilə doğulan körpələr üzərində cərrahiyyə əməliyyatının keçirilməsi üçün Ukraynaya aparılması çoxlu xərc tələb edir. Odur ki, ukraynalı mütəxəssislər Azərbaycanda bu cür əməliyyatların aparılmasına imkan verəcək tibb mərkəzinin açılmasını istəyirlər.
Milli Məclisin sədri bu təklifin təqdirəlayiq olduğunu bildirmişdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.