Ukraynanın Krivoy Roq şəhəri ballistik raketlə vurulub, 14 nəfər həlak olub
Kiyev, 4 aprel, AZƏRTAC
Rusiya Ukraynanın Krivoy Roq şəhərini ballistik raketlərlə vurub.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla məlumat verir ki, raket yaşayış massivinə düşüb, 14 mülki şəxs həlak olub, onlardan 6-sı uşaqdır. 50-dən çox insan isə xəsarət alıb.
Hazırda yardım qərargahı yaradılıb. Güclü partlayış dalğası ən azı beş evə ziyan vurub, pəncərələrin sındığı, avtomobil və qarajların yandığı bildirilir. Rəqmlərin dəyişəcəyi istisna edilmir.
Krivoy Roq şəhərində Azərbaycan diasporunun rəhbəri Kəmaləddin Ağayev AZƏRTAC-a bildirib ki, ilkin məlumata görə, həlak olan və xəsarət alanlar arasında soydaşlarımız yoxdur.
Bu, son günlər Krivoy Roqa ikinci raket hücumdur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev