Ulu Öndər Azərbaycan elminin inkişafına hər zaman xüsusi önəm verib
Bakı, 10 dekabr, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbirdə institutun baş direktoru akademik Muxtar İmanov bildirib ki, Heydər Əliyev Azərbaycanın dövlətçiliyi tarixində xüsusi xidmətləri olan nadir şəxsiyyətlərdən biridir. Məhz Ulu Öndərin respublikada hakimiyyətə gəldiyi 1969-cu ildən etibarən Azərbaycanın təhlükəsizliyi, torpaqlarımızın bütövlüyü uğrunda mühüm addımlar atılmağa başlanılıb. Sovet dövrünün məhdud imkanları daxilində Heydər Əliyevin təşəbbüsü, inadı, səyi və uzaqgörənliyi hesabına Azərbaycanda xüsusi hərbi məktəb açılıb, Azərbaycan dili dövlət dili statusu qazanıb. Alim bildirib ki, dövlətin taleyüklü məsələlərinin həlli Heydər Əliyevin hələ sovet dövründə mədəniyyət, incəsənət, iqtisadiyyat, elm və təhsil sahəsində yürütdüyü siyasətin tərkib hissəsini təşkil edib.
Nəzərə çatdırılıb ki, Folklor İnstitutu da Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Belə ki, 994-cü ildə yaradılmış Folklor Elmi-Mədəni Mərkəzi 2003-cü ildə Heydər Əliyevin tövsiyəsi ilə institut statusu alıb.
Tədbirdə Azərbaycan xalqının mədəniyyətinə və elminə xüsusi önəm verən böyük şəxsiyyət Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin banisi və qurucusu kimi fəaliyyətindən bəhs edilib. Həmçinin Ulu Öndərin Azərbaycan sevgisindən, onun bir azərbaycanlı kimi mental dəyərlərimizə bağlılığından söz açılıb.
Sonra institutun Folklor studiyasının Ümummilli Liderlə bağlı hazırladığı videoçarx nümayiş olunub.