Ulu Öndər Azərbaycanı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarıb
Bakı, 5 oktyabr, AZƏRTAC
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Gəncə şəhər təşkilatı oktyabrın 5-də Heydər Əliyev Mərkəzində tədbir keçirib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Sonra Gəncə Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələri ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi, istedadı hər bir azərbaycanlı üçün məktəbdir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi-iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşar ictimai-siyasi lider kimi hələ sağlığında canlı əfsanəyə çevrilərək ürəklərdə əbədi bir abidə ucaldıb.
Digər çıxış edənlər - YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, partiya veteranı, ərazi partiya təşkilatının sədri Mobil İmanov, Gəncə Dövlət Universitetinin dosenti Nərgiz Rəsulova, partiyanın gənc fəalı Cəvahir Şabanova çıxışlarında qeyd ediblər ki, ömrünün hər anı ilə ölkəmizin siyasi təqvimində özünəməxsus yeri olan dahi şəxsiyyətin respublikamıza rəhbərlik etdiyi tarixi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı beynəlxalq arenada böyük nüfuza və söz sahibinə çevirib.
Sonda Gəncə şəhərinin ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.