Ulu Öndər hər zaman minnətdarlıq hissi ilə xatırlanacaq
Gəncə, 12 dekabr, Elcan Məmmədov, AZƏRTAC
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük işlər görmüş, dünya miqyaslı siyasətçi Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur və minnətdarlıq hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyevin xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Qərb bölgəsində də dərin hörmət və ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə, Samux, Daşkəsən, Ağstafa, Göygöl, Naftalan və Mingəçevirdə Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Şəhər və rayon icra hakimiyyətlərinin rəhbərliyi, idarə, müəssisə, təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi qarşısına gələrək, dahi rəhbərə ehtiramlarını nümayiş etdiriblər. Abidə önünə gül-çiçək düzülüb, xalqımızın bu gün firavan yaşamasında misilsiz xidmətləri olan Ümummilli Liderin xatirəsi ehtiramla anılıb.
Bununla yanaşı, şəhər və rayonlarda anım günü ilə əlaqədar digər tədbirlər də keçirilib.