ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR EDİLMİŞ KİTABLARIN SƏRGİSİ AÇILMIŞDIR
Bakı, 5 may (AZƏRTAC). Mayın 5-də M.Qorki adına Mərkəzi Şəhər Səyyar Kitabxana Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə ziyalılar, siyasətçilər, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Kitabxanada ümummilli liderə həsr olunmuş kitabların və fotoşəkillərin sərgisi açılmışdır.
Kitabxananın direktoru Nüşabə Ələkbərova, Milli Mədəniyyətimizin Müdafiəsi və Qorunması Fondu sədrinin müavini Amaliya Rzaqızı ümummilli liderin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söz açmışlar.
Tədbirdə iştirak edən siyasətçilərin və ziyalıların dahi şəxsiyyət haqqında fikirləri dinlənilmişdir. Məktəblilərə onun şanlı həyat yolu, geniş fəaliyyəti, xalqımızın tarixində misilsiz və əvəzolunmaz xidmətləri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, müdrik dövlət xadimi Heydər Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərirdi. Onların fiziki və mənəvi cəhətdən sağlam böyümələri və layiqli övlad kimi yetişməsi üçün əlindən gələni əsirgəmirdi. Ulu öndərin: “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır. Çünki Azərbaycan Respublikasının Prezidenti olaraq bu gün haqqında deyil, Azərbaycanın böyük gələcəyini düşünürəm. Azərbaycanın gələcəyi uşaqlardan asılıdır” fikri dönə-dönə xatırlanmışdır.
Kitabxananın əməkdaşları məktəblilərə Milli Məclisin deputatı yazıçı-publisist Elmira Axundovanın Heydər Əliyevə həsr etdiyi 4 cildlik “Şəxsiyyət və zaman“, tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Heydər Əliyev və Qafqazda sülh prosesi”, Xalq Şairi Zəlimxan Yaqubun 2 cildlik “ Əbədiyyət dastanı” kitabları haqqında məlumat vermişlər.