Ulu Öndər Heydər Əliyevin irsi şagirdlərə öyrədilir
Bakı, 12 dekabr, AZƏRTAC
Ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinə Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslər keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının lektoriya zalında təşkil olunan dərsdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, öncə qonaqlar Ulu Öndərin büstünü ziyarət ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov dahi şəxsiyyətin nüfuzu, onun nəsillərə nümunə olan həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyi yolunda atdığı uğurlu addımlar barədə danışıb.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “1993-cü ildən başlayan quruculuq və inkişaf yolu” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırlııb.
Dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanması işinə xidmət etdiyi vurğulanıb.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, dərslər 2022-2023-cü tədris ilinin sonuna kimi davam edəcək.