SİYASƏT
Ulu öndər Heydər Əliyevin xatirəsi gürcü xalqının qəlbində daim yaşayacaq
![](/files/galleryphoto/2017/3/1200x630/15130840425275625965_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15130840422442544272_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15130840423457159495_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15130840422553541356_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15130840423587144827_1200x630.jpg)
Tbilisi, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin xatirəsi qonşu Gürcüstanda da ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də Azərbaycanın Gürcüstandakı səfirliyində anım mərasimi keçirilib.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Dursun Həsənov çıxışında bildirib ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə doğma yurdumuzun daim tərəqqisinə çalışıb və Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Məhz onun siyasi iradəsi ilə ölkəmizdə dövlətçiliyin əsasları qoyulub, müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilib, ölkədə bütün istiqamətlərdə ciddi islahatlara başlanılıb.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirməsi nəticəsində ölkəmizdə bütün istiqamətlər üzrə böyük nailiyyətlər, nəticələr, uğurlar əldə olunub. Azərbaycan dünya dövlətlərinin böyük dəstəyi ilə dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib.
Azərbaycanın təşəbbüsü ilə energetika, nəqliyyat sahələrində həyata keçirilən qlobal layihələrdən danışan diplomat deyib ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TAP, TANAP, Bakı-Tbilisi-Qars kimi müxtəlif layihələr xalqlarımızın rifahına, region ölkələri ilə dostluğumuzun möhkəmlənməsinə xidmət edir.
Səfir bildirib ki, bu gün qonşu və qardaş gürcü xalqı da məhəbbəti, qayğısı və fədakarlığı ilə qəlblərimizdə dərin iz qoyan Heydər Əliyevi ehtiramla anır.
Heydər Əliyev Azərbaycan və Gürcüstan dostluğunun memarı hesab olunur. Ulu Öndər Gürcüstan ilə münasibətlərə daim xüsusi diqqət yetirib və Gürcüstanın çətin dövrlərində dost ölkə kimi gürcü xalqına qardaşlıq yardımını əsirgəməyib. Belə ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən Ümummilli Lider bütün çətinliklərə, siyasi təzyiqlərə baxmayaraq, enerji layihələrinin yalnız dost ölkə olan Gürcüstandan keçəcəyinə qərar verib.
Bununla yanaşı, 1997-ci ildə Heydər Əliyevin xüsusi tapşırığı ilə təbii qaz və digər enerji resursları dost gürcü xalqının təminatının ödənilməsi üçün göndərilib. Bu və ya digər əvəzolunmaz faktlar xalqlarımız arasındakı mövcud olan tarixi dostluq əlaqələrinin daha da möhkəmlənməsinə, gürcü xalqının, bu ölkədə yaşayan soydaşlarımızın rifahının yüksəlməsinə səbəb olub.
Sonra Marneuli rayonun meri Teymur Abbasov, Gürcüstan-Azərbaycan Mədəniyyət Fondunun sədri, professor Simon Kopadze, akademik Levan Metreveli və başqaları çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. Çıxışlarda bildirilib ki, Ulu Öndərin tarixi xidmətlərinin nəticəsi olaraq onun əziz xatirəsi gürcü və digər dost xalqlar tərəfindən daim yad edilir və böyük şəxsiyyət kimi Heydər Əliyev fenomeni qəlblərdə əbədi olaraq yaşayacaq.
Qeyd edək ki, bu gün səhər Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, səfirliyin, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri, Kvemo Kartli bölgəsinin qubernatoru, müavinləri, Marneuli rayonunun meri və digər rəsmi şəxslər Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə əklil, gül dəstələri düzüblər.
Sonra nümayəndələr Ulu Öndərin Rustavidəki Heydər Əliyev Parkında ucaldılan abidəsini də ziyarət ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi