ULU ÖNDƏRİMİZ HAQQINDA “BİR HƏSƏDİN TARİXİ” FİLMİ MİSİRLİ TAMAŞAÇILARDA DƏRİN MARAQ DOĞURMUŞDUR
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü ilə əlaqədar Qahirədə silsilə tədbirlər keçirilmişdir. Həmin tədbirlər çərçivəsində tanınmış Azərbaycan rejissoru Vaqif Mustafayevin ulu öndərimiz Heydər Əliyev haqqında çəkdiyi “Bir həsədin tarixi” filmi Misir dövlət televiziyasının 1-ci kanalı ilə nümayiş olunmuşdur. Keçmiş SSRİ tarixində böyük bir dövlətin ali hakimiyyət orqanında ən yüksək vəzifələrdən birini tutan yeganə müsəlman haqqında bu film misirli tamaşaçılarda dərin maraq oyatmış və onları rejissorun ustalıqla ekran dilinə çevirdiyi faktların köməyi ilə imperiya oliqarxında gedən məkrli oyunların gizli məqamları ilə tanış etmişdir.
Rejissor Vaqif Mustafayevin ulu öndərimiz haqqında çəkdiyi filmlər bu günlərdə digər xarici ölkələrdə də geniş nümayiş olunur. Azərbaycanın Tbilisidəki səfirliyindən bildirmişlər ki, Gürcüstanın dövlət televiziyasının birinci kanalı və “Rustavi-2” müstəqil televiziya şirkəti Heydər Əliyevin ömür yolundan söhbət açan “Tale” adlı beşinci filmi göstərmişdir. Ölkəmizin Çindəki səfirliyi də “Heydər Əliyev. Əsl məhəbbət haqqında dastan” filminin Pekin televiziyası ilə yayımlanmasına nail olmuşdur.
Rejissorun “Heydər Əliyev. Əsl məhəbbət haqqında dastan” və “Bir həsədin tarixi” filmlərinin Moskvadakı “Bakı” kinoteatrında nümayişi də anşlaqla keçmişdir.