Ulu Öndərin azərbaycançılıq məfkurəsi gənclər arasında geniş təbliğ olunur
Bakı, 12 dekabr, AZƏRTAC
“İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü çərçivəsində tədbir keçirilib.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birliyin nümayəndələri və təşkilata üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Ulu Öndərin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği məqsədilə təşkil olunan tədbir dahi şəxsiyyətin və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Milli Məclisin deputatı Naqif Həmzəyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev və “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı çıxışları zamanı əbədiyaşar liderin ölkə gəncliyinə daim böyük diqqət və qayğı göstərdiyini, onun fəaliyyəti dövründə gənclərin vətənpərvər və milli ruhda formalaşmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olaraq qəbul edildiyini diqqətə çatdırıblar.
Dövlət gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən çıxışçılar bu müddətdə formalaşan gəncliyin ümummilli məsələlərdə yüksək fəallıq nümayiş etdirdiyini, habelə Vətən müharibəsində canı-qanı bahasına torpaqlarımızın işğaldan azad olunmasında, bununla da, Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsində olduqca böyük rola malik olduğunu vurğulayıblar.
Tədbir sonra müstəqil müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin irsinin gələcək nəsillərə aşılanmasında gənclərin rolu mövzusunda müzakirələrlə davam edib, onları maraqlandıran suallar cavablandırılıb.
Silsilə tədbirlər çərçivəsində, həmçinin Azərbaycan Televiziyası tərəfindən lentə alınan “Xalqın Adamı” filminin nümayişi keçirilib, gənclərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiya müddətində gənclər Ümummilli Liderin keçdiyi şərəfli ömür yolu ilə bağlı maraqlı faktlar, foto və video materiallar və eksponatlarla yaxından tanış olublar.