Ulu Öndərin əbədiyaşar ideyaları xalqımızın dəyərli sərvətidir
Bakı, 4 oktyabr, AZƏRTAC
Oktyabrın 4-də YAP Samux rayon təşkilatı tərəfindən Samux Rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Sonra rayon Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirələri ehtiramla anılıb.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışaraq bildirib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev deyib ki, Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. Bu gün müasir Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edərək zirvələr fəth edir.
Digər çıxış edənlər - YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Samux rayon Ağsaqqallar Şurasının üzvü Nizami Məmmədov və Samux şəhər 2 saylı tam orta məktəb ərazi partiya təşkilatının üzvü Rufanə Məmmədova Ulu Öndər Heydər Əliyevin xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşatdığını, qəlblərdə özünə əbədi məhəbbət qazandığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, xalqımızın xilaskarı, müdrik dövlət xadimi Heydər Əliyevin əbədiyaşar ideyaları Azərbaycan xalqının dəyərli sərvətidir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.