Ulu Öndərin tövsiyələri milli məfkurəmizin möhkəmlənməsində mühüm rol oynadı - Azərbaycanlı alim

Kiyev, 3 aprel, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyev üstün zəkası ilə Vətənimiz - Azərbaycanın müstəqilliyi və dünyada şöhrətlənməsi üçün misilsiz siyasi fəaliyyət göstərdi.
Bu sözləri AZƏRTAС-a açıqlamasında Ukraynalı və Azərbaycanlı Ziyalılar Assambleyasının sədri, tarix elmləri doktoru, professor Fərhad Turanlı söyləyib.
“Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin doğum gününün 100-cü ildönümü ölkəmizdən kənarda da təntənə ilə qeyd olunmaqdadır. Bu münasibətlə kitablar və məqalələr yazılır, elmi konfranslar, sərgilər, iclaslar təşkil edilir. Ulu Öndər haqqında təəssüratlarım barədə deyə bilərəm ki, o dahi şəxsiyyəti əyani olaraq ilk dəfə 1977-ci ildə Bakı şəhərində Azərbaycan Tibb İnstitutunun yanında abituriyent və valideynlərlə söhbət etdiyi vaxt gördüm. 1979-cu ildən Ukraynada yaşayıram. Tələbəlik illərində Ulu Öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində fəaliyyət göstərdiyini böyük qürur hissi ilə tələbə və müəllimlərlə müzakirə edirdik”, - deyə Fərhad Turanlı Ulu Öndərlə bağlı xatirələrindən danışarkən söyləyib.
Onun sözlərinə görə, Heydər Əliyevin beynəlxalq aləmdə də nüfuzlu siyasi və ictimai xadim olmaqla bərabər, dünya azərbaycanlılarının birliyinin və fəaliyyətlərinin gücləndirilməsinə verdiyi tövsiyələri milli məfkurəmizin möhkəmlənməsində mühüm rol oynadı.
“Tarixdə ilk dəfə Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Bakı şəhərində hamımızı birliyə səsləyən Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Tədbir çərçivəsində “Gülüstan” sarayında görüşümüzdə işlərimlə maraqlandı və uğurlar dilədi. Xatirələrdə qalan bu izdihamlı görüşdə Heydər Əliyevin bütün qurultay iştirakçılarına dediyi “İnsan vətəndə qüvvəti torpaqdan, qürbətdə isə birlikdən alır” sözləri daim yaddaşlarda qalacaq.
2002-ci ilin iyul ayının 20-də Ulu Öndər Heydər Əliyevin Ukraynaya işgüzar səfəri zamanı Yalta şəhərində bu ölkədə yaşayan azərbaycanlılarla da görüşü oldu. İştirak etdiyim bu növbəti əyani görüş haqqındakı xatirələrim şəxsi arxivimdə saxlanılan və tarixi hadisə zamanı çəkilən fotoda qalmaqdadır”, - deyə Fərhad Turanlı vurğulayıb.
Azərbaycanlı alim bildirib ki, qürbətdə yaşayan ziyalı soydaşlarımız Ulu Öndərin tövsiyələrinə əməl edərək tariximizin, mədəniyyətimizin, dilimizin, ədəbiyyatımızın öyrənilməsi, inkişaf etdirilməsi və təbliği üçün səylə çalışır, qədim və zəngin mədəniyyətimizi ləyaqətlə təmsil edirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev