Ülvi Mehdiyev: "ASAN xidmət" bürokratiyanı azaltmaq missiyasını uğurla yerinə yetirib
Bakı, 15 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin çoxşaxəli islahatlarından biri də dövlət xidmətlərinin şəffaf, operativ və əlçatan təşkili ilə bağlı müəllifi olduğu “ASAN xidmət” konsepsiyasıdır. “ASAN xidmət” dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizədə və müasir texnologiyaların, innovasiyaların dövlət xidmətlərinə tətbiqi ilə vətəndaşların hüquqlarının təmin edilməsində institusional bir islahat olmaqla, qısa zamanda həm vətəndaşların məmnunluğunu qazanıb, həm də beynəlxalq müstəvidə ciddi maraq yaratmaqla Azərbaycanın brendi, milli innovativ məhsulu adını qazanıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət"in 10 illiyinə həsr olunan Beynəlxalq Forumda deyib.
"ASAN xidmət"in bir islahat kimi öz funksiyasını yerinə yetirməsində daimi dəstəyinə görə, Prezident İlham Əliyevə minnətdarıq. "ASAN xidmət" lazımsız bürokratiyanı azaltmaq missiyasını, həmçinin yaxşı idarəetmənin bütün öhdəliklərini uğurla yerinə yetirib. "ASAN xidmət" müxtəlif beynəlxalq təşkilatlarla ümumilikdə 16-dan çox anlaşma memorandumu imzalayıb. BMT kimi böyük təşkilatlarla da əməkdaşlığımız davam edir", - deyə Ü.Mehdiyev qeyd edib.