Ümummilli lider Heydər Əliyev elmin inkişafına daim xüsusi qayğı ilə yanaşıb
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva Azərbaycan tarixinin 40 ilinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Qeyd edilib ki, Ulu Öndər gördüyü misilsiz işlərlə xalqımızın tarixinə böyük qurucu şəxsiyyət kimi düşüb. Azərbaycan tarixində müstəsna rolu olan dahi şəxsiyyət həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə Prezidenti kimi xalqımız üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə respublikanın ən çətin vaxtlarında xalqın təkidli tələbi ilə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq insanlarda gələcəyə böyük inam yaratdı və ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu.
G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra alimlərlə görüşlərin birində bildirib ki, Elmlər Akademiyası Azərbaycan xalqının böyük sərvətidir və bu sərvəti qoruyub yaşatmalıyıq. İnstitutun direktoru əsası Ulu Öndər tərəfindən qoyulan bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb.
Digər çıxış edənlər də Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olmasında misilsiz xidmətlərindən danışıblar. Qeyd edilib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi elmin inkişafında da Ulu Öndərin xidmətləri heç vaxt unudulmayacaq.