SİYASƏT
Ümummilli lider Heydər Əliyevin xatirəsi Buxarestdə anılıb
![](/files/galleryphoto/2017/3/1200x630/15130799862029061354_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15130799861655520403_1200x630.jpg)
Buxarest, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Buxarestin mərkəzində yerləşən Tey Parkı-Heydər Əliyev Xiyabanında anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin əməkdaşları, “SOCAR Petroleum SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, büstü önünə əklillər qoyulub.
Tədbirdə Ulu Öndərin Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi, müstəqilliyin ilkin dövrlərində mürəkkəb siyasi böhranın sabitliklə əvəz olunması, ölkədə dinamik iqtisadi-sosial inkişafın təmin edilməsi, regionda və beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edilib. Eyni zamanda, Azərbaycanda demokratik-hüquqi və vətəndaş cəmiyyətinin yaradılması və dünyəvi dəyərlərə inteqrasiya sahəsində ümummilli lider Heydər Əliyevin apardığı cəsarətli siyasətin nəticələrindən danışılıb, bu siyasətin bu gün də uğurla və qətiyyətlə davam etdirildiyi diqqətə çatdırılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest