ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN 81-Cİ İLDÖNÜMÜ ABŞ-DA QEYD EDİLMİŞDİR
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin üzv dövlətlərin təmsilçilikləri arasında yaydığı məlumatda dünya miqyaslı siyasi xadim Heydər Əliyevin həyat yolundan bəhs edilir, Azərbaycan tarixinin son qərinəsinin onun adı ilə bağlı olduğu vurğulanır. Bildirilir ki, ABŞ, NATO, Avropa ilə yaxın əlaqələrin yaradılması, xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşdırılması məhz Prezident Heydər Əliyevin xidmətləridir. Onun uğurlu neft strategiyası nəticəsində Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən dövlətə çevrilmişdir.
Prezident Heydər Əliyevin ad günü münasibətilə Amerikanın Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda deyilir ki, onun müdrik və qətiyyətli rəhbərliyi olmadan Azərbaycan siyasi sabitlik və iqtisadi inkişaf istiqamətində bu qədər irəliləyiş edə bilməzdi. ABŞ-la strateji tərəfdaşlığın əsasını məhz Heydər Əliyev qoymuşdur. Dünya azərbaycanlılarını bir araya gətirməklə güclü diaspor yaratmaq təşəbbüsü ümummilli liderimizə xaricdə yaşayan həmvətənlərimizin ehtiramını qazandırmışdır. Amerikanın Azərbaycan Cəmiyyəti Heydər Əliyevi Azərbaycanın tarixində ən görkəmli şəxsiyyətlərdən biri kimi daim xatırlayacaqdır.