ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN AD GÜNÜ İTALİYADA QEYD EDİLMİŞDİR
Mayın 10-da səfirliyin müvəqqəti işlər vəkili Bayram Həsənov yerli televiziyaya müsahibə vermiş, Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə ətraflı söhbət açmışdır. O, ümummilli liderimizin Azərbaycan–İtaliya münasibətlərinin inkişafındakı xidmətlərini xüsusi qeyd edərək bildirmişdir ki, Heydər Əliyevin 1997-ci il sentyabr ayının 25-28-də İtaliyaya rəsmi səfəri tarixi hadisə olmuşdur.
Daha sonra o, son 7 il ərzində Azərbaycanda ümumi daxili məhsulun həcminin sürətlə artdığından, inflyasiyanın cəmi 2-3 faiz olduğundan, ölkəmizin iqtisadiyyatına qoyulan və qoyulacaq sərmayələrdən, respublikamızda bu gün dünyanın ən iri enerji layihəsinin həyata keçirildiyindən, çox müsbət sərmayə mühitindən, ictimai-siyasi sabitliyin bərqərar olmasından, ölkədə müasir, demokratik cəmiyyət quruculuğunun davam etdiyindən danışmışdır. Müvəqqəti işlər vəkili vurğulamışdır ki, bütün bu nailiyyətlər həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir və bu gün bu yolu onun ən layiqli davamçısı Prezident İlham Əliyev davam etdirir.
Bundan əlavə, səfirliyin əməkdaşları, onların ailə üzvləri İtaliyada yaşayan azərbaycanlılarla birlikdə Romadakı müsəlman məscidində Heydər Əliyevin xatirəsini anma mərasimi keçirmişlər.