ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ BUXARESTDƏ DƏ ANILMIŞDIR
Mərasimdə həmin qurumların rəhbəri və üzvləri Rumıniya Parlamentinin, Senatın deputatları, hökumət nümayəndələri, qeyri-hökumət təşkilatlarının, türk cəmiyyətlərinin təmsilçiləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, həmçinin səfirliyimizin bütün əməkdaşları iştirak etmişlər.
Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, dünyəvi dövlət quruculuğunda, ölkəmizin beynəlxalq aləmdə öz layiqli yerini tutmasında, respublikamızda daxili sabitliyin bərqərar olunmasında misilsiz xidmətlər göstərdiyi bildirilmişdir. Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin də bu siyasi kursu uğurla həyata keçirdiyi qeyd edilmişdir. Həmçinin ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan ilə Rumıniya arasında bütün sahələrdə dostluq, əməkdaşlıq münasibətlərinin inkişafında xidmətləri diqqətə çatdırılmışdır.
Tədbirin iştirakçıları içərisində böyük dövlət xadimi Heydər Əliyevlə şəxsi tanışlığı olan senator Pop de Popa, deputat Necat Sali, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Dursun Altınışık, Rumıniya-Azərbaycan İş Adamları Birliyinin sədr müavini, rumıniyalı iş adamı Vladimir Dobrya öz təəssüratlarını və xoş xatirələrini söyləmiş, ulu öndərimizin dünya siyasətində mötəbər yeri və xidmətlərindən danışmışlar.
Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının sədri İqbal Hacıyev və tələbə Əsgər Dünyamalıyev Heydər Əliyevin Azərbaycan gənclərinə, idman, təhsil sahələrinə göstərdiyi diqqət və qayğını minnətdarlıqla vurğulamışlar.
Tədbirin davamı olaraq Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin ofisində Heydər Əliyevin xatirə guşəsi açılmışdır. Xatirə guşəsinin açılışında Rumıniyada fəaliyyət göstərən “Paul Polidor” Fondunun direktoru, tanınmış bəstəkar, müğənni Paul Polidorun hazırladığı və nəşr etdirdiyi “İstiqlal-Heydər Əliyev” adlı kitabın və bəstəkarın ümummilli liderimizə ithaf etdiyi mahnılarından ibarət audiodiskin təqdimatı keçirilmiş, bəstəkar bir neçə mahnını şəxsən ifa etmişdir.
Tədbirlərdə Rumıniyanın kütləvi informasiya vasitələrinin (“Dimineata”, “Realftatea”, “Adeverul”, “9 oclock”, “National”, “Zaman” və “Hayat” qəzetləri, “VİP” jurnalı, Rumıniya radiosu, Rumıniya TV, “Antena-1TV” və s.) nümayəndələri iştirak etmişlər.