Ümummilli Liderin Azərbaycanda insan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolu olub
Bakı, 12 dekabr, AZƏRTAC
Ombudsman Aparatında xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Aparatın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova çıxış edərək dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində göstərdiyi əvəzsiz xidmətlərdən danışıb, Ulu Öndərin xalqı ən çətin vəziyyətlərdən çıxardığını, taleyüklü məsələlərin həllində daim müdrik məsləhətçi kimi çıxış etdiyini bildirib. Ulu Öndərin Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı və müdafiəsi mexanizminin təkmilləşdirilməsində əvəzsiz rolunu vurğulayıb. Qeyd edib ki, “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyən Ümummilli Liderin ən böyük amalı müstəqil dövlətimizin davamlı inkişafına nail olmaq idi. Ümummilli Liderin respublikamızın hər bir sahəsinin inkişafına, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsinə böyük diqqət göstərdiyi qeyd olunub.
Müstəqillik, demokratiya yolu ilə irəliləyən xalqımız ulu öndər Heydər Əliyevin insan və vətəndaş hüquqlarının müdafiəsi, yeni institutların yaradılması sahəsində bünövrəsini qoyduğu qətiyyətli siyasətdən bəhrələnib. Azərbaycanda insan hüquqlarının müdafiəsində mühüm vasitə olan, Ulu Öndərin əsasını qoyduğu və müstəqil fəaliyyət göstərən Ombudsman təsisatı bunun bariz nümunəsidir.
Ombudsman bildirib ki, Ulu Öndərin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizdə sabitlik möhkəmlənib, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları sahəsində aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirib.
Müvəkkilin regional mərkəzləri tərəfindən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbində, Azərbaycan Qadın və İnkişaf Mərkəzində, habelə Ahılların Resurs Mərkəzində də silsilə tədbirlərin təşkil olunduğu vurğulanıb.