Ümummilli Liderin böyüklüyü illər keçdikcə daha dərindən dərk olunur
Bakı, 12 dekabr, AZƏRTAC
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə institutun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova bildirib ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla birgə çəkilən çox az sayda siyasi liderlərə rast gəlmək olar. XX əsr tarixində fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir və onun dəyəri illər keçdikcə daha dərindən dərk olunur. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu 1969-cu ildən - məhz Ulu Öndərin birinci dəfə hakimiyyətə gəlişindən sonra başlayıb. XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Həmin dövrdə baş verən hadisələr Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını şərtləndirdi. 1993-cü ildə onun yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycan sabitlik məkanına çevrildi. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Dövlətimiz üçün ən çətin anlarda Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirib, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi anti-Azərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrilib.
Digər çıxış edənlər də qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Heydər Əliyevin elm adamlarına, gənclərə göstərdiyi diqqət və qayğıdan söz açaraq onun hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini vurğulayıblar.
Sonda Ulu Öndərə həsr edilən sənədli film nümayiş olunub.