ÜMUMRUSİYA AZƏRBAYCAN KONQRESİNİN GENİŞ İCLASI KEÇİRİLMİŞDİR
Natiqlər Konqresin Rusiyada diasporumuzu birləşdirən mötəbər ictimai təşkilat olduğunu diqqətə çatdıraraq bildirmişlər ki, ÜAK üçün 2005-ci ilin başlıca hadisəsi Rusiyada Azərbaycan ilinin keçirilməsi olmuş, bununla bağlı bir sıra tədbirlər gerçəkləşdirilmişdir.
ÜAK-ın icraçı direktoru vəzifəsini yerinə yetirən Eldar Quliyev məruzəsində bildirmişdir ki, 2005-ci ildə regional təşkilatların fəaliyyətinin keyfiyyətini artırmağa xüsusi diqqət yetirilmişdir. Bu təşkilatların, həmçinin ümumilikdə Konqresin fəaliyyətinin öncül istiqamətləri Rusiyada yaşayan azərbaycanlıların dilinin, mədəniyyətinin və milli özgürlüyünün qorunub saxlanmasından ibarətdir.
Rusiyadakı diasporumuzun qarşılaşdığı problemlərdən, o cümlədən onlardan ən təhlükəlisi – ksenofobiya (əcnəbilərə nifrət) əhval-ruhiyyəsinin artması problemindən danışılmışdır. Təəssüf ki, bəzən “Rodina” fraksiyasının lideri Dmitri Roqozin kimi siyasətçilər də belə hallara rəvac verirlər. Konqresin Rəyasət heyəti onun Azərbaycan əleyhinə çıxışlarına rəsmi bəyanatla dərhal münasibət bildirmişdir. Bəyanat RF Dövlət Dumasına, Federasiya Şurasına, Rusiya Prezidenti Aparatına göndərilmişdir. Rusiyanın hüquq müdafiəçiləri V.Lukin və E.Panfilova ilə ətraflı söhbətlər aparılmışdır. Qeyd olunmuşdur ki, “roqozinsayağı” hərəkətlərə mütləq münasibət bildirilməlidir, çünki onlar Rusiyada millətlərarası sülhə ciddi təhlükə yaradırlar.
İclasda işin planlaşdırılması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, Konqresin fəaliyyətinin təşkili formaları ilə bağlı məsələlər də müzakirə olunmuşdur.
Tədbirdə ÜAK-ın vitse-prezidenti, ÜAK İqtisadi İnkişaf Fondu idarə heyətinin sədri Natiq Ağamirov Fondun fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, indi Azərbaycanda Rusiya ilinin açılışı çərçivəsində ölkəmizdə ikinci Rusiya-Azərbaycan iqtisadi forumunun təşkilinə hazırlıq gedir.