UNEC alimləri Belçikanın Gent Universitetində elmi təcrübədə olublar
Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elm və innovasiya məsələləri üzrə prorektoru professor Rövnəq Rzayev və Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri dosent Tural Nağıyev Belçika Krallığının nüfuzlu ali təhsil ocaqlarından biri olan Gent Universitetində ikihəftəlik elmi ezamiyyətdə olublar.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi alimlərin Avropanın qabaqcıl elmi mühitində aparılan tədqiqatlarla yaxından tanış olmaq, müasir laboratoriya imkanlarından istifadə etmək və mövcud elmi əməkdaşlıqların daha da dərinləşdirilməsi olub.
Ezamiyyət çərçivəsində UNEC nümayəndələri Gent Universitetinin Bərk cisim elmləri departamentinin nəzdindəki tədqiqat laboratoriyalarında aparılan elmi işlərlə yaxından tanış olublar, tətbiq olunan qabaqcıl analiz imkanlarını yerində müşahidə ediblər. UNEC-də sintez edilmiş yeni nəsil nanoölçülü materiallar Gent Universitetinin yüksək texnoloji avadanlığı vasitəsilə müxtəlif istiqamətlər üzrə analiz edilib. Aparılan tədqiqatlar nəticəsində materialların fiziki və optik xüsusiyyətləri daha dərindən öyrənilib, onların gələcəkdə sənaye, mühəndislik və yüksək texnologiyalar sahəsində tətbiq imkanları qiymətləndirilib.
İşgüzar səfərin ən mühüm nəticələrindən biri UNEC və Gent Universiteti arasında birgə elmi məhsulların hazırlanması ilə bağlı konkret razılaşmaların əldə olunmasıdır. İlkin mərhələdə 2026-cı ilin ortalarına qədər yüksək reytinqli beynəlxalq jurnallarda iki məqalənin dərc edilməsi, ümumilikdə isə bu əməkdaşlıq çərçivəsində ən azı beş birgə elmi məqalənin hazırlanması planlaşdırılır.
Ezamiyyət zamanı UNEC-də keçirilmiş “Mühəndislik və tətbiqi elmlərin aktual problemləri” I beynəlxalq elmi-praktik konfransında “Keynote speaker” qismində iştirak etmiş Gent Universitetinin Bərk cisim elmləri departamentinin rəhbəri professor Dirk Poelmana bir daha təşəkkür edilib və onun adına hazırlanmış xatirə plaketı təqdim olunub. Eyni zamanda, Gent Universitetinin daha geniş heyətlə UNEC-in növbəti beynəlxalq konfranslarında iştirak etməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Belçikalı alimlərə UNEC-in Scopus bazasında indekslənmiş beynəlxalq elmi jurnalı olan “JEAS” haqqında məlumat verilib.
Görüşlər zamanı Gent Universitetinin müvafiq departamenti ilə UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrası və “Kompozit Materiallar” Elmi Tədqiqat Mərkəzi arasında birgə tədqiqatların davam etdirilməsi, beynəlxalq qrant layihələrinin hazırlanması və qarşılıqlı elmi ezamiyyətlərin təşkilinə dair razılıq əldə olunub.