QAN YADDAŞI
UNEC-də Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib
![](/files/galleryphoto/2024/1/1200x630/17089575486144829723_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17089575485672317182_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17089575481603530638_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/1708957548347004973_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/17089575482190021045_1200x630.jpg)
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, UNEC-in bütün fakültə, məktəb və mərkəzlərində Xocalı soyqırımına həsr olunan dəyirmi masalar, seminarlar və xüsusi dərslər təşkil olunub. Tədbirlərdə çıxış edənlər Xocalı soyqırımı haqqında tarixi faktlara əsaslanan məlumatları açıqlayıb, faciənin bəşəriyyətin üzləşdiyi ən qanlı soyqırımı olduğunu bildirib və bu hadisənin qiymətləndirilməsi prosesindəki tarixi ədalətsizlikdən söz açıblar.
Tədbirlərdə xalqımızın 32 il qəlbində daşıdığı bu qanlı cinayətin qurbanlarının ruhlarının bu gün şad olduğu qeyd edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhərinin separatçılardan təmizləndiyi, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını qürurla ucaltdığı vurğulanıb.
UNEC-də Xocalı soyqırımı ilə bağlı rəsm sərgisi də təşkil edilib. Sərgidə UNEC-in Dizayn məktəbi tələbələrinin Xocalıya həsr etdikləri rəsm əsərləri nümayiş olunub.
Universitetin kollektivi soyqırımının 32-ci ildönümündə “Ana harayı” abidəsini ziyarət edərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramlar yad ediblər.
Ali təhsil müəssisəsinin bütün tədris binalarının dəhlizlərində yerləşdirilmiş monitorlarda Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş olunub. UNEC muzeyində və kitabxanalarında Xocalı soyqırımını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
“Radio UNEC”də efirə gedən “Azərbaycanım” proqramının fevralın 26-da yayımlanan buraxılışı Xocalı soyqırımına həsr olunub. Proqramda dinləyicilərə Xocalı şəhərinin tarixi barədə məlumat verilib.