UNEC-in tələbələrindən növbəti tamaşa: “Ünvansız qatar”
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tələbələrinin Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı səhnələşdirdiyi “Ünvansız qatar” tamaşasının premyerası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində göstərilən tamaşa Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist, dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında UNEC Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanıb. Tamaşada ermənilər tərəfindən xalqımızın başına gətirilən faciələrdən, dinc insanların öz ata-baba yurdlarından, doğma ocaqlarından didərgin düşmələrindən bəhs olunur.
Tamaşanın rejissoru UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Telmanoğlu, quruluşçu rejissoru Vahid Orucoğludur. Tamaşanın baş qəhrəmanı olan Mixaylo obrazını Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi İlham Quliyev, digər rolları isə UNEC Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvləri Yasin Əhmədov, Nicat Tarverdiyev, Rəşad Aslanov, Minayə Hüseynova, Mərva Məmmədova, Nigar Ağayeva, Gülnur İmanova və başqaları canlandırıblar.