UNESCO: Qadınların və qızların idmanda iştirakı qənaətbəxş səviyyədə deyil
Bakı, 23 iyul, AZƏRTAC
Olimpiya Oyunları ərəfəsində UNESCO-nun hazırladığı yeni hesabat göstərir ki, qadınlar və qızlar hələ də peşəkar və ya həvəskar idmana istənilən səviyyədə bərabər çıxış əldə etməkdən uzaqdırlar. UNESCO 194 üzv dövləti hesabatda yer alan tövsiyələri təcili olaraq yerinə yetirməklə bu bərabərsizliklə mübarizə aparmağa çağırıb. Təşkilat iyulun 24-də konkret siyasi fəaliyyət planı hazırlamaq üçün dünyanın müxtəlif ölkələrindən idman nazirlərini Parisdəki qərargahında bir araya gətirəcək.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, hesabata görə, qadın idmançıların 21 faizi (kişilərin 11 faizi) uşaqlıqda idmanda ən azı bir dəfə cinsi zorakılığa məruz qaldığını bildirib. UNESCO-nun Planı ilə müəyyən edilmiş siyasət prioritetlərindən biri idmanda təhlükəsiz iştirak hüququ da daxil olmaqla, qadınlara və qızlara qarşı imkanlara, inkişafa və insan hüquqlarına birbaşa zərbə sayılan zorakılığa son qoymaqdır.
UNESCO qeyd edib ki, qızların 49 faizi yeniyetməlik dövründə idmanı tərk edir. Bu, yeniyetmə oğlanların idmanı tərk etmə nisbətindən 6 dəfə yüksəkdir. Mənfi tendensiya bir neçə amillə, o cümlədən qadınların təhlükəsizliklə bağlı narahatlıqları, özünə inamın olmaması və bədən imici ilə izah olunur.
Hesabatda diqqətə çatdırılıb ki, peşəkar idmanda maaş fərqi qeyri-bərabərliyin çox açıq əlamətidir. “Forbes” jurnalının dünyanın ən yüksək maaş alan 50 idmançısı siyahısına hələ də bir qadın daxil deyil. UNESCO vurğulayır ki, idmanın bütün səviyyələrində qadın liderliyinin olmaması struktur problemidir və təcili həll edilməlidir; keçən il dünyanın ən böyük idman federasiyalarının yalnız 30 faizinə qadınlar sədrlik edirdi.
Təşkilat bildirib ki, Paris 2024 Oyunlarının mükəmməl gender bərabərliyi göstəriciləri qadınların idmanda liderlik rollarına təyin edilməsi üçün sürətləndirici amil ola bilər.