ÜRƏK XƏSTƏLİKLƏRİNDƏN ƏZİYYƏT ÇƏKƏN AZƏRBAYCANLI UŞAQLAR UKRAYNADA MÜALİCƏ OLUNACAQLAR
Azərbaycan Uşaq Təşkilatının sədri, Milli Məclisin deputatı Gülər Əhmədova və “Ukrayna-uşaqlar üçün” fondunun direktor əvəzi Vitali Moskalenko Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə əməkdaşlıq sənədinin əhəmiyyətindən danışmışlar.
“Ukrayna-uşaqlar üçün” fondunun rəhbəri, Ukrayna Prezidentinin xanımı Lyudmila Kuçmaya azərbaycanlı uşaqların sağlamlığına göstərdiyi diqqət və qayğıya görə təşəkkür edən Gülər Əhmədova bildirmişdir ki, Azərbaycanda ürək çatışmazlığından əziyyət çəkən uşaqları cərrahiyyə etməyə lazımi tibb müəssisəsi yoxdur və buna görə “Ukrayna-uşaqlar üçün” fondu ilə əməkdaşlığı genişləndirmək olduqca əhəmiyyətlidir.
Prezident İlham Əliyevin birbaşa dəstəyi və “Ukrayna-uşaqlar üçün” fondu ilə əməkdaşlıq nəticəsində əldə olunan ilkin uğurları əlamətdar hadisə kimi dəyərləndirən Gülər Əhmədova bildirmişdir ki, yaxın vaxtlarda bu istiqamətdə aparılan işlər daha da genişlənəcəkdir.