Uşaq Səfirlər Məclisinin təhsil müəssisələri üzrə yerli nümayəndəlikləri yaradılacaq
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Uşaq Səfirlər Məclisinin üzvləri ilə ilin yekunlarına həsr olunmuş görüş keçirilib.
AQUPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət komitəsinin sədri Bahar Muradova Uşaq Səfirlər Məclisinin qısa vaxt ərzində böyük yol qət etdiyini, müəyyən hədəflərə nail olduğunu vurğulayıb.
Komitə sədri bu platformadan əldə edilən müsbət təcrübə və peşəkar bacarıqların həm uşaq hüquqlarının qorunması, həm də öz yaşıdları üçün daha təhlükəsiz mühit, gözəl cəmiyyət formalaşması işinə töhfə verəcəyini qeyd edib. O, Uşaq Səfirlər Məclisinin gördüyü işlərin beynəlxalq miqyasda təqdir olunmasını müsbət hal kimi dəyərləndirib.
AQUPDK-nın sədr müavini Aynur Sofiyeva pilot layihə olaraq iki məktəbdə Uşaq Səfirlər Məclisinin ümumi təhsil müəssisələri üzrə yerli nümayəndəliklərinin yaradılacağını və layihənin uğurlu olacağı təqdirdə, ölkə üzrə böyük bir şəbəkə formalaşacağını diqqətə çatdırıb.
Dövlət komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova, Uşaq Səfirlər Məclisinin sədri Nurlan Cəbrayılzadə Məclisə seçim turu və ötən müddət ərzində Məclis tərəfindən həyata keçirilən layihələr və görülən işlər barədə məlumat veriblər.
Sonda Bahar Muradova Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvlərini təbrik edərək onlara məsuliyyətli olmağı, öz potensiallarını artırmağı tövsiyə edib.
Məclisin yeni üzvləri üzərilərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün əzmlə çalışacaqlarını bildiriblər.