Varşavada Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılmışdır
Bakı, 27 fevral (AZƏRTAC). Fevralın 26-da Polşanın paytaxtı Varşava şəhərində Xocalı soyqırımının 21-ci ildönümü iki mühüm tədbirlə yadda qalmışdır.
Həmin gün günorta vaxtı bu şəhərdəki erməni diasporunun nümayəndələri Azərbaycan Respublikasının Polşadakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərmişlər.
Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də səfirliyin mövqeyi, səs dinamikası, təbliğat materiallarının gücü və Polşada təhsil alan azərbaycanlı tələbələrin səyi nəticəsində onlar istəklərinə nail ola bilməmişlər.
Axşam isə Azərbaycan Respublikasının Polşadakı səfirliyi tərəfindən Varşavanın Müstəqillik Muzeyinin böyük zalında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş “Azərbaycan müstəqillik yolunda” mövzusunda tədbir keçirilmişdir.
Səfirliyin apardığı geniş təşviqat işi nəticəsində tədbirə böyük maraq göstərilmişdir. 120 nəfərlik zal tamamilə dinləyicilərlə dolmuş, əlavə oturacaqlar təşkil olunmuş, o cümlədən 40-dək adam çıxış edənləri ayaq üstə dinləmişdir.
İştirakçılar arasında müəllimlər, tələbələr, müxtəlif təşkilatların nümayəndələri, jurnalistlər, Polşada yaşayan Azərbaycan diasporunun nümayəndələri və dost ölkədə təhsil alan azərbaycanlı gənclər olmuşlar.
Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Şəhla Kazımova, dünya şöhrətli polyak alimi, Kolumbiya və Varşava universitetlərinin professoru Tadeuş Sventaxovski və Varşava Universitetinin aspirantı Natalia Konarjevska Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşmüşlər.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov tədbirdə çıxış edərək Azərbaycanın tarixi, xalqımızın müstəqillik yolunda çəkdiyi əziyyətlər, Azərbaycan həqiqətləri, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətindən ətraflı söhbət açmışdır. Diplomat tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
Sonra tədbir iştirakçıları Xocalı faciəsinin əks olunduğu sərgiyə baxmış və onlara səfirlik tərəfindən nəşr olunan, Azərbaycan həqiqətlərini əks etdirən və ölkəmizi təbliğ edən polyak dilində 20 adda kitablar və açıqcalar təqdim olunmuşdur.