QAN YADDAŞI
Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycanın ABŞ-dakı səfirliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anım mərasimi təşkil edilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, ruhlarının şad olmasını diləmişlər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov mərasimdə çıxış edərək 23 il əvvəl cərəyan edən tarixi hadisələrdən bəhs etmiş, Sovet imperiyasının süqutunu sürətləndirən Qara Yanvar faciəsinin milli mənəvi dirçəlişimiz baxımından əhəmiyyətini vurğulamışdır. Həmin hadisələrin baş verdiyi vaxtın onun Moskvada tələbəçilik illərinə təsadüf etdiyini söyləyən diplomat qanlı qırğınla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə soydaşlarımızın səfərbər olunması istiqamətində görülmüş işləri xatırlamışdır. Səfir ümummilli lider Heydər Əliyevin Vətənimiz üçün taleyüklü günlərdə göstərdiyi sarsılmaz iradə və əzmkarlıqdan bəhs etmiş, onun Moskvadan Azərbaycan xalqına və dünya ölkələrinə səsləndirdiyi müraciətin soydaşlarımıza verdiyi mənəvi dəstəyi qeyd etmişdir.
Azərbaycan diasporunun fəal üzvləri olan Həbib Azərsinan və Qədir Şirəliyev tədbirdə çıxış edərək tariximizin qanlı və eyni zamanda, şərəfli səhifəsi ilə bağlı fikirlərini bölüşmüşlər. Mərasimdə milli həmrəyliyimizin mühüm elementlərindən olan Qara Yanvarın azadlıq və müstəqilliklə köklənmiş mübariz düşüncəmizin formalaşmasında yaratdığı dönüş vurğulanmışdır.
Sonda 20 Yanvar hadisələri ilə bağlı fotoşəkillər nümayiş etdirilmişdir.