Vəkillər Kollegiyası İstanbul Konvensiyasının baza prinsipləri əsasında təlimlər təşkil edəcək
Bakı, 7 dekabr, AZƏRTAC
Bu il noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Eyni zamanda, gələcəkdə ölkəmiz tərəfindən “Qadınlar və məişət zorakılığının qarşısının alınması və mübarizə üzrə” Avropa Konvensiyasına qoşulmaq məsələsi də son illər gündəmdədir. Konvensiyanın özünəməxsusluğu onun dörd prinsiplə - qadınlara qarşı zorakılığın qarşısının alınması, qurbanların müdafiəsi, zorakılıq törətmiş şəxslərə qarşı cinayət təqibi, zorakılıq qurbanlarına dəstək üçün əlaqələndirilmiş siyasətlər olmaqla müəyyən olunur. Bu prinsiplər eynilə məişət zorakılığı ilə mübarizəyə dair Milli Fəaliyyət Planında da əksini tapıb.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildirilib ki, milli fəaliyyət planında 2020-2023-cü illərdə vəkillər üçün məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış və bu şəxslərin müdafiəsi üzrə təlimlərin keçirilməsi Vəkillər Kollegiyasına tövsiyə olunub. Qeyd edək ki, artıq ikinci ildir ki, məişət zorakılığı üzrə mübarizə mövzusu vəkilliyə namizədlərin icbari tədris proqramına daxil edilib, bu sahədə Ədliyyə Akademiyası və beynəlxalq tərəfdaşlarla birgə ixtisaslaşmış vəkil və hüquqşünaslar tərəfindən vəkilliyə namizədlər üçün təlimlər keçirilir.
Növbəti illərdə Vəkillər Kollegiyası tərəfindən vəkillər üçün İstanbul Konvensiyasının baza prinsipləri əsas götürülməklə təlimlərin keçirilməsi nəzərdə tutulub. Bu zaman Avropa Şurasının HELP platformasından istifadə olunması prioritet istiqamətlərdəndir.