Vəkillər Kollegiyasının nümayəndə heyəti beynəlxalq konfransda iştirak edib
Bakı, 31 mart, AZƏRTAC
Martın 26-29-da Portuqaliyanın Faro şəhərində Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) təşkilatçılığı ilə növbəti genişmiqyaslı beynəlxalq yaz konfransı keçirilib.
Dörd gün davam edən tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üzvü, “Gənc Vəkillər” Komitəsinin həmsədri və EYBA-dakı səlahiyyətli nümayəndəsi Yunis Nəsibov, kollegiyanın üzvləri - Sona Səlimli-Ələsgərova və Nurəngiz Qarayeva, o cümlədən dünyanın müxtəlif ölkələrindən vəkillər və hüquqşünaslar iştirak ediblər.
Konfransda aktual hüquqi məsələlər, qlobal çağırışlar, habelə hüquq sisteminin inkişaf perspektivləri müzakirə olunub.
Bu barədə AZƏRTAC-a VK-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, konfrans çərçivəsində rəsmi açılış mərasimi, ümumi iclaslar, müxtəlif panellər təşkil edilib, xüsusilə “Gənc hüquqşünaslar və qlobal çağırışlar”, “Demokratiya risk altındadırmı?”, “Avropanın rəqəmsal platforma tənzimlənməsi: İmkanlar və risklər” kimi mövzular geniş müzakirə edilib. Bununla yanaşı, hüquqşünasların cəmiyyətdə rolu, təşkilatlarda etik məsələlər və hüquq sahəsində innovasiyalar kimi aktual istiqamətlərə də toxunulub.
Eyni zamanda, konfransda Yunis Nəsibov və Sona Səlimli-Ələsgərova çıxış edərək Azərbaycanın bu ilin oktyabrında ev sahibliyi edəcəyi EYBA-nın payız konfransı barədə məlumat verib, sözügedən tədbirin yüksək səviyyədə təşkil olunacağı, beynəlxalq hüquq ictimaiyyəti üçün mühüm platformaya çevriləcəyi və iştirakçılar üçün həm peşəkar, həm də mədəni baxımdan zəngin proqram təqdim edəcəyi vurğulanıb.
Konfrans çərçivəsində vəkillər arasında sosial əlaqələrin qurulması, xüsusilə gənc vəkilləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb və sosial fəaliyyətlər həyata keçirilib.
Sonda iştirakçılar üçün rəsmi ziyafət təşkil olunub.
Qeyd edək ki, EYBA-nın payız konfransının cari il oktyabrın 8-10-da keçirilməsi nəzərdə tutulur.