VENESUELA İSPANİYADAN İKİ MİLYARD DOLLARLIQ HƏRBİ TEXNİKA ALMIŞDIR
İspaniya öz müdafiə sənayesinin tarixində bu ən böyük müqavilə sayəsində 2 milyard dollar qazanacaqdır. İspaniyanın müdafiə naziri Xose Bono sənədin imzalanması mərasimində demişdir ki, bu bağlaşmanı qadağan edən heç bir qayda, o cümlədən beynəlxalq qaydalar mövcud deyildir. Venesuelaya təyyarə və katerlər satılması Vaşinqtonun mənafelərinə toxunmayacaqdır. Çünki Venesuelaya satılan texnikadan yalnız keşikçi təyyarələrində silah var və o da ancaq özünümüdafiə üçün nəzərdə tutulmuşdur.
Mərasimdə Venesuelanı Prezident Uqo Çavesin özü təmsil etmişdir. O, ABŞ-ın ünvanına bir neçə xoşagəlməz kəlmə demək fürsətini qaçırmamışdır. Çaves demişdir: “Venesuela uzun illər ərzində Amerika imperiyasının müstəmləkəsi olubdur. İndi biz azadıq və dünya bunu dərk etməlidir”.
Güman edilir ki, kater və təyyarələr Venesuelaya yeddi il ərzində göndəriləcəkdir. Çavesin sözlərinə görə, bu texnikadan narkotraffiklə mübarizə üçün istifadə olunacaqdır.
Amerika tərəfi isə Venesuelanın davakar mövqeyi ilə əlaqədar narahatlığını ifadə etməkdən qalmır. ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirmişdir ki, onun ölkəsinin mütəxəssisləri Venesuelaya satılan texnikada Amerika detalları və texnologiyalarının olub-olmadığını öyrənirlər.
Venesuela ilə ABŞ arasında gərgin münasibətlər tərəflərin bir-birinə konkret iddiaları ilə müşayiət olunur. ABŞ Kuba rejiminə rəğbət bəsləyən Venesuela hökumətinin hərəkətlərini Latın Amerikasında vəziyyətin sabitliyini pozan amil hesab edir. Venesuela isə ABŞ-ı onun ərazisinə müdaxilə etmək niyyətində olmaqda təqsirləndirir.