VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ
Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyində aparılan struktur dəyişiklikləri ilə əlaqədar 2002-ci il dekabrın 20-də Bakı Şəhər Baş Vergilər İdarəsi və Bakı şəhərinin 11 rayonu üzrə vergilər idarələri ləğv edilərək əvəzində paytaxtın rayonlarını əhatə edən üç filialı da daxil olmaqla Bakı Şəhər Vergilər Departamenti yaradılmışdır.
Vergilər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, yeni struktura görə, əsas yoxlama-nəzarət funksiyasını həyata keçirən audit və operativ nəzarət bölmələri yalnız Bakı Şəhər Vergilər Departamentinin tərkibində fəaliyyət göstərəcəkdir.
Vergilər Nazirliyi vergi ödəyəcilərinin bu dəyişiklikləri düzgün qiymətləndirəcəyinə əminliyini ifadə etməklə yanaşı, diqqətə çatdırır ki, bütün vergi ödəyiciləri vergi qanunvericiliyinə riayət etməli, vergi bəyannamələrini müəyyən edilmiş müddətlərdə təqdim etməli, vergiləri vaxtında və tam həcmdə istənilən bank şöbəsində uçotda olduqları rayonun yerli xəzinədarlıq orqanının müvafiq hesabına ödəməlidirlər.
Vergi ödəyicilərinin nəzərinə çatdırılır ki, hər hansı əlavə məlumat almaq üçün Bakı Şəhər Vergilər Departamenti və onun filiallarında fəaliyyət göstərən “Vergi ödəyicilərinə xidmət” şöbələrinə müraciət edə bilərlər.
Bakı Şəhər Vergilər Departamenti A.Nemətulla küçəsindəki 44 nömrəli binada yerləşir və bu idarə ilə 44-40-23 və 66-82-04 nömrəli telefonlarla əlaqə saxlamaq olar. Paytaxtın Qaradağ, Səbail və Yasamal rayonlarını əhatə edən birinci filial Yasamal rayonunun N.Əbilov küçəsindəki 24 nömrəli binada yerləşir və bu qurumun əlaqə telefonlarının nömrəsi belədir: 94-54-54 və 94-79-12. Binəqədi, Nərimanov və Nəsimi rayonlarını əhatə edən ikinci filial Binəqədi rayonunun Z.Bünyadov küçəsindəki 15 nömrəli binada yerləşir və onunla 62-17-05, 62-04-28 və 61-19-08 nömrəli telefonlarla əlaqə yarada bilərsiniz. Nizami, Xətai, Əzizbəyov, Sabunçu, Suraxanı rayonlarını əhatə edən və Nizami rayonunun S.Mirzəyev küçəsindəki 32 nömrəli binada qərar tutan üçüncü filiala isə 22-32-61 və 22-44-34 nömrəli telefonlara zəng vura bilərsiniz.