VERGİ SİSTEMİMİZ MÜASİRLƏŞDİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin, müxtəlif dövlət strukturlarının nümayəndələrinin iştirak etdiyi bu mərasimdə Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədov məlumat vermişdir ki, təqdim olunan layihənin icraçısı ötən ilin sentyabr ayında Brüsseldə keçirilən tender vasitəsitlə müəyyənləşdirilmişdir. Layihənin məqsədi vergi sistemində əminlik yaratmaq üçün siyasət və iş təcrübəsini müəyyənləşdirmək; vergi xidməti orqanları əmkdaşlarının bilik və bacarığını, peşə səviyyəsini artırmaq üçün tədris proqramları, dərs vəsaitləri, Vergi Məcəlləsinin şərhini hazırlamaq, onları tədris etmək; nazirliyin informasiya mübadilə sistemini yaxşılaşdırmaqdan ötrü operativ şəbəkə yaratmaq; vergi ödəyicilərini məlumatlandırmaq, o cümlədən onlara vergi qanunvericiliyinin izah edilməsi sahəsində tədbirlər görməkdir.
Layihənin işçi qrupunun menecerləri Leonardo Kalqano, Jan Fransua Devemi və başqaları çıxış etmişlər. Onlar əmin olduqlarını bildirmişlər ki, layihə respublikamızda vergi sisteminin inkişafına və beynəlxalq normalara uyğunlaşdırılmasına xidmət edəcəkdir.
Layihənin müddəti iki ildir.