“Vergi və hesabatlılıq” üzrə işçi qrupun ilin yekun hesabat iclası keçiriləcək
Bakı, 20 dekabr, AZƏRTAC
Cari il dekabrın 21-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun geniş tərkibdə ilin yekun hesabat iclası keçiriləcək.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, iclasda Dövlət Vergi Xidməti, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Auditorlar Palatası, Vəkillər Kollegiyası, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Tədbirdə Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi”nin icra vəziyyətinin ümumiləşdirilmiş yekun hesabatı dinləniləcək, görülmüş işlər və özəl sektorun Yol Xəritəsinin icrasında rolu, həmçinin 2024-cü il üzrə Yol Xəritəsinin hazırlanması istiqamətində təkliflər müzakirə ediləcək.