VERGİDƏN YAYINAN “SEYMUR” FİRMASINDA YOXLAMALAR APARILIR
Bununla bağlı iyunun 8-də Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin əməkdaşları “Seymur” firmasının təqribən 14 hektarlıq ərazisində yoxlamalar keçirilmiş, qaralama mühasibatlıq sənədləri götürülmüş və aidiyyəti şəxslərin izahatları alınmışdır.
Yoxlama zamanı müəyyən olunmuşdur ki, Mehdixan Mehdixanlının daş karxanasının 5 istehsal sahəsində 40-45 nəfərə yaxın fəhlə, 8 daşkəsən kombayn, 6 cığıraçan, traktorlar və s. texnika işləyir. Hər gün təxminən 30-35 min ədəd mişar daşı kəsilərək hər birinin qiyməti 25-30 qəpiyə nağd satılır, sənədlərdə isə daşın hər birinin qiyməti 10-12 qəpik göstərilməklə, dövriyyənin əksər hissəsi mühasibat sənədlərində öz əksini tapmır.
Müəssisənin dövlət büdcəsinə cüzi miqdarda vergi ödədiyi, öz dövriyyələri barədə təhrif olunmuş məlumat təqdim etməklə vergilərdən yayınma hallarına yol verdiyi, nağd hesablaşma qaydalarının pozulduğu, işçilərin əksər hissəsinin əmək müqavilələri bağlanmadan işlədildiyi və digər pozuntular aşkar edilmişdir.
Faktlar üzrə yoxlamalar davam etdirilir və dövlət büdcəsinə vurulmuş ziyanın məbləği müəyyənləşdirilir.