VERGİLƏR NAZİRLİYİNDƏ BEYNƏLXALQ VALYUTA FONDUNUN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Görüşdə dövlət büdcəsi üzrə vergi daxilolmalarının cari vəziyyəti, 2006-cı ilin dövlət büdcəsində daxilolmaların proqnozları, vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində BVF ilə əməkdaşlıq və texniki yardım proqramı ilə bağlı fikir mübadiləsi aparılmışdır. Vergi sistemində aparılan islahatlar çərçivəsində BVF ilə əməkdaşlığın səmərəli nəticələr verdiyini diqqətə çatdıran nazir Fazil Məmmədov istər qanunvericilik bazasının, istərsə də vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində qurumun faydalı tövsiyələrindən bəhrələndiklərini söyləmişdir.
Cari ilin ötən 11 ayında dövlət büdcəsinin daxilolmaları barədə məlumat verən vergilər naziri qeyd etmişdir ki, həmin müddətdə dövlət büdcəsinin proqnozları tam yerinə yetirilmiş və büdcəyə 6 trilyon 382,1 milyard manat vəsait daxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi gəlirləri 1 trilyon 787,0 milyard manat və ya 40 faizədək artmışdır. Bildirilmişdir ki, ölkədə aparılan regional iqtisadi siyasətin uğurlu nəticəsi olaraq qeyri-neft sektorundan vergi daxilolmalarının həcmi 40 faizədək, neftin dünya bazar qiymətlərinin yüksəlməsi ilə əlaqədar olaraq isə neft sektorunun daxilolmaları 36 faizədək çoxalmışdır. Vergilər naziri 2005-ci il üçün proqnozlaşdırılan 7 trilyon 102,0 milyard manat vəsaitin dövlət büdcəsinə ödənilməsinin təmin ediləcəyinə əminliyini bildirmişdir. 2006-cı ilin vergi daxilolmaları üzrə göstəricilərinə də nikbinliklə yanaşdığını qeyd edən Fazil Məmmədov, gələn il büdcəyə 2005-ci ilə nisbətən 4 trilyon manatdan artıq vəsaitin yönəldiləcəyini vurğulamışdır.
BVF missiyasının rəhbəri Vitali Kramarenko vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən məmnun qaldığını söyləyərək, 2003-cü ildən indiyədək texniki yardım çərçivəsində Vergilər Nazirliyində həyata keçirilən layihələrin digər postsovet ölkələri üçün də bir nümunə ola biləcəyini qeyd etmişdir.
Görüşdə, həmçinin neft sektorunun vergiyə cəlb edilməsi, BVF ilə əməkdaşlıq çərçivəsində ƏDV-nin inzibatçılığı sahəsində planlaşdırılan islahatlarla bağlı məsələlər müzakirə olunmuşdur.